SİYASƏT
Azərbaycanın Almaniyadakı diaspor təşkilatlarının fəalları ilə görüş keçirilmişdir
Berlin, 24 dekabr (AZƏRTAC). Azərbaycanın Almaniyadakı səfirliyində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birgə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə ənənəvi görüş təşkil edilmişdir.
Görüşün məqsədi Azərbaycanın Almaniyadakı diaspor təşkilatlarının fəaliyyəti və bu fəaliyyətin səfirliklə əlaqələndirilməsi, Azərbaycan-Almaniya münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolu, onların həyata keçirdikləri layihələr, gələn il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlər və digər maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsinin aparılması olmuşdur.
Səfir Pərviz Şahbazov görüşdə Azərbaycan rəhbərliyinin xaricdə yaşayan soydaşlarımızla əlaqələrə xüsusi önəm verdiyini və müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində diaspor təşkilatlarının də üzərinə mühüm vəzifələr düşdüyünü vurğulamışdır.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samira Patser-İsmayılova görüşdə hesabat məruzəsi ilə çıxış etmişdir.
Daha sonra diaspor fəalları öz fəaliyyətləri və həyata keçirmək istədikləri yeni layihələr barədə məlumat vermişlər. Yeni yaranmış diaspor təşkilatları özlərini təqdim etmiş və qısa müddət ərzində həyata keçirdikləri tədbirlər haqqında danışmışlar. Həmçinin maraq kəsb edən yeni layihələr müzakirə edilmiş və onların həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Diaspor təşkilatlarının nümayəndələrinə Heydər Əliyev Fondunun alman dilində nəşr etdirdiyi kitablar hədiyyə edilmişdir.
Vüqar Seyidov
AZƏRTAC–ın xüsusi müxbiri
Berlin