Azərbaycanın Avropadakı strateji mövqeyi daha da güclənir RƏY
Bakı, 22 iyul, AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemində baş verən proseslər göstərir ki, dünya kifayət qədər mürəkkəb və gərgin geosiyasi mərhələyə qədəm qoyub. Belə bir şəraitdə enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və regional sabitlik dövlətlərin xarici siyasətində əsas prioritetlərdən birinə çevrilib. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri də məhz bu kontekstdə xüsusi siyasi və strateji əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, hazırda dünyada müşahidə olunan geosiyasi proseslər beynəlxalq təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir. "Son illərdə beynəlxalq münasibətlər sistemində bu qədər gərginliyin müşahidə olunduğu dövr az olub. Hazırda Rusiya–Ukrayna müharibəsi davam edir, eyni zamanda, ABŞ ilə İran arasında gərginlik hələ də qalmaqdadır. Bir sözlə, həm dünya, həm də region kifayət qədər həssas və təhlükəli mərhələdən keçir.
Bu baxımdan müasir siyasətdə əsas istiqamətlərdən biri enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələrinin inkişafı və dayanıqlı sabitliyin təmin olunmasıdır. Məhz bu baxımdan Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi siyasət ölkəmizə beynəlxalq marağın daha da artmasına səbəb olur. Dünya dövlətləri Azərbaycanla əlaqələrini genişləndirməyə çalışırlar", – deyə deputat vurğulayıb.
Ceyhun Məmmədov bildirib ki, xüsusilə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri daha aydın şəkildə özünü göstərir.
"Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, nəqliyyat-logistika əlaqələrinin inkişafında və regional sabitliyin təmin olunmasında rolu getdikcə artır. Məhz buna görə Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri xüsusi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycan ilə Almaniya arasında münasibətlərin və ümumilikdə Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni mərhələyə daxil olmasına imkan yaradacaq. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş, Orta Dəhlizin əsas iştirakçısı və Cənubi Qafqazda sabitliyi təşviq edən ölkə kimi mövqeyinin daha da möhkəmlənməsinə ciddi təsir göstərəcək", – deyə Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində orta güc kimi qəbul olunur. "Ölkəmiz gündən-günə öz imkanlarını artırır, beynəlxalq mövqeyini daha da gücləndirir və regional proseslərdə fəal iştirak etməklə qlobal gündəliyə mühüm töhfələr verir. Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Azərbaycan üçün mühüm tərəfdaşdır. Hazırkı həssas geosiyasi mərhələdə Azərbaycanın atdığı addımlar strateji baxımdan xüsusi əhəmiyyət daşıyır", – deyə deputat bildirib.
Müxbir- Səbinə Əlizadə