Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummilli Liderin adı ilə bağlıdır
Balakən, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin tükənməz mənəvi irsi onun çoxəsrlik tariximizin ən mükəmməl və qüdrətli şəxsiyyəti olduğunu sübut edib. Suveren dövlətin əsaslarını yaratmaqla Ulu Öndər xalqımızın mötəbər və təminatlı gələcəyinə böyük yоl açıb. Azərbaycan yarım əsrdən artıqdır ki, sevimli liderinin amal və ideyalarına uyğun оlaraq irəli gedir, çətinlik və maneələri inamla dəf edir, tarixə yazılan böyük nailiyyətlərə imza atır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə aprelin 19-da Balakəndə keçirilən “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda toplantıda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Toplantının əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş film nümayiş olunub.
Toplantıda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Оnun ölkəmizə rəhbərliyi zamanı respublikamız əsrə bərabər inkişaf yоlu keçib. Ulu Öndər öz ölkəsinə rəhbərlik etdiyi hər iki dövrdə var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr edib, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı оlub.
Vurğulanıb ki, Heydər Əliyevin birinci rəhbərliyi dövründə aparılan kompleks islahatlar, formalaşdırılan güclü aqrar-sənaye, energetika və neft-kimya sənayesi potensialı Azərbaycanı nəinki qabaqcıl respublikalardan birinə çevirib, eyni zamanda, onun gələcək müstəqilliyi üçün fundamental əsaslar yaradıb. 1969-cu ildən başlayan inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası olub. Həmin vaxt yaradılan sosial-iqtisadi və siyasi-ideoloji təməl respublikamızın bugünkü yüksəlişinin sütunlarındandır.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev tarixi, adət-ənənələri, milli-fəlsəfi məfkurəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifidir. Milli ideologiyanın yaradılması da Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilib. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.
Qeyd olunub ki, Ulu Öndər Prezident İlham Əliyevin timsalında özünün layiqli varisini, müəyyən etdiyi siyasi kursu davam etdirməyə qadir, qətiyyətli və milli dəyərlərə bağlı lider yetişdirib. Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir nailiyyət, Azərbaycanın keçdiyi dinamik inkişaf yolu, qlobal miqyasda söz sahibinə çevrilməsi bir daha Ulu Öndərin nə qədər müdrik və uzaqgörən olduğunu aydın şəkildə təsdiq edir.
Toplantıda Milli Məclisin deputatı Kamilə Əliyeva, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev və sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəfəq Hacıyeva çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıblar. Vurğulanıb ki, Heydər Əliyev irsi ölkəmizin bugünkü davamlı inkişafının təminatıdır. Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Dahi şəxsiyyətin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, həmçinin sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.