Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Stokholm, 9 may, Rauf Əliyev, AZƏRTAC
Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə mərasim keçirilib.
Mərasimdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ölkəmizin İsveçdəki səfiri Adış Məmmədov ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri barəsində danışaraq, dahi şəxsiyyətin müstəqil Azərbaycanın qurulması və inkişafı, xalqımızın firavanlığı uğrunda apardığı siyasətin mahiyyətini açıqlayıb. Adış Məmmədov bildirib ki, Heydər Əliyevin prinsipial, qətiyyətli qərarları, siyasi uzaqgörənliklə atılmış addımları Azərbaycanın dünya dövlətləri arasında təkcə layiqli yerini tutması ilə nəticələnmədi, eyni zamanda, ölkəmiz beynəlxalq ictimaiyyətin maraq dairəsinə çevirə bildi. Şübhəsiz ki, bu da Ulu Öndərə beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Azərbaycan xalqının ən çətin günlərində xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev güclü dövlətin və vətənpərvər xalqın formalaşmasını təmin edən əsl lider idi. Ulu Öndərin apardığı siyasətin əsasında isə Azərbaycanın inkişafını, azadlığını və güclənməsini təmin edən azərbaycançılıq ideologiyası dayanırdı.
Məhz Ulu Öndərin rəhbərliyi ilə idarəetmənin bütün sahələrində köklü islahatların aparıldığını, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görüldüyünü, Azərbaycan cəmiyyətində multikultural dəyərlərin qorunması və tolerantlıq mühitinin daha da inkişaf etdirilməsilə bağlı məqsədyönlü şəkildə siyasətin həyata keçirildiyini bildirən səfir bütün bunların güclü Azərbaycan dövlətinin formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb.
Sonra səfir Ulu Öndər tərəfindən Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyəti ilə bağlı geniş danışaraq ümummilli lider Heydər Əliyevi Azərbaycanın xarici siyasətinin əsas memarı adlandırıb.
Diplomat çıxışının sonunda vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin güclü təməllər üzərində qurduğu Azərbaycan dövləti Ulu Öndərin siyasətini böyük əzmlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edir.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm