SİYASƏT
AZƏRBAYCANIN QAZAXISTANDAKI SƏFİRLİYİ ANMA MƏRASİMİ KEÇİRMİŞDİR
Astana, 26 fevral (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanadakı İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetində Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Ukrayna, Gürcüstan və Türkiyə səfirliyinin əməkdaşlarının, Azərbaycan-Qazaxıstan Dostluq Assosiasiyası üzvlərinin, universitetin müəllim və tələbələrinin, Azərbaycan diasporu nümayəndələrinin, jurnalistlərin iştirak etdikləri mərasimdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Universitetin rektoru, akademik Qabdıqabbar Seytkasimov 17 il əvvəl Xocalıda ermənilər və onların havadarları tərəfindən törədilmiş faciəni Azərbaycan xalqının başına gətirilən ən böyük soyqırımlardan biri kimi səciyyələndirmişdir.
Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov Xocalı faciəsinin səbəbləri, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan artıq insanın qaçqın və köçkünə çevrildiyi, münaqişənin sülh yolu ilə həlli istiqamətində ölkəmizin təşəbbüsləri haqqında danışmışdır.
Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun Xocalı faciəsi ilə əlaqədar buraxdığı kitab və bröşürlər, səfirlik əməkdaşlarının hazırladıqları məlumatlar toplusu paylanmış, onlar faciə ilə bağlı sərgiyə baxmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana