Azərbaycanın trans yağ turşuları ilə mübarizədə gördüyü işlər beynəlxalq səviyyədə müsbət qiymətləndirilib
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan “Ölkələrin Qiymətləndirmə Aləti”ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 5-də Bakıda keçirilən “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə tədbirdə deyib.
"Agentlik fəaliyyətə başlamamışdan əvvəlki iki il ərzində Avropa İttifaqının “Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi”ndə (RASFF) ölkəmizdən İttifaqa ixrac olunan fındıq məhsullarının insan sağlamlığına risk təşkil etməsinə dair 36 bildiriş yerləşdirilib. Nəticədə qarşı tərəf fındıq məhsullarının idxalından imtina edib, müayinə tezliyini artırıb. Agentlik fəaliyyətə başladıqdan sonra məhsulların qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsi zamanı nəzarət tədbirləri gücləndirilib və ölkədən aflatoksinli məhsulların ixracının qarşısı alınıb. Ötən il Avropa İttifaqına ixrac edilmiş fındıq məhsullarında aflatoksin aşkar olunması ilə bağlı RASFF sistemində cəmi 2 bildiriş qeydə alınıb. Avropa İttifaqının müvafiq qurumu tərəfindən ölkəmizdən ixrac edilən fındıq partiyalarına 20 faiz yoxlama tezliyi saxlanmaqla, Agentliyin zəmanəti ilə hər yük partiyasını toksikoloji laborator müayinələrə cəlb edilmədən və müvafiq sənədlərlə müşayiət olunmadan ixracına icazə verilməsinə dair qərar qəbul edilib", - deyə Q.Təhməzli bildirib.