AZƏRBAYCANIN TÜRKİYƏDƏKİ SƏFİRLİYİ XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ BAĞLI KONFRANS KEÇİRMİŞDİR
Ankara, 25 fevral (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyi və Ankaradakı Qazi Universiteti Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı “Xocalı qətliamı - sözün bitdiyi yer” mövzusunda konfrans keçirmişlər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Xocalıda qətlə yetirilmiş sakinlərin və Qarabağ uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Konfransda çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzündən ətraflı bəhs etmişdir. Səfir vurğulamışdır ki, Türkiyə və Azərbaycan xalqları türk dünyasının dahi şəxsiyyəti, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin kəlamı ilə “bir millət, iki dövlət” kimi ermənilərin və havadarlarının məkrli planlarına qarşı səylərini birləşdirmişdir. Bu gün səfirliyin də dəstəyi ilə təqdimatı keçirilən “Xocalıya ədalət” kampaniyasının Türkiyədə yaradılmış internet saytının da Xocalı soyqırımı haqqında həqiqətlərin qardaş ölkə ictimaiyyətinə çatdırılmasında mühüm rolu vardır.
Sonra tədbirdə çıxış edən Qazi Universitetinin rektoru, professor Rıza Ayhan, tarixçi alim Yusuf Halaçoğlu, Mərmərə Universitetinin dosenti Nəsrin Sarıəhmədoğlu ermənilərin tarixin müxtəlif dövrlərində havadarlarının dəstəyi ilə Türkiyə və Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri qətliamlardan bəhs etmişlər. Onlar vurğulamışlar ki, bütün türk dünyasının faciəsi olan Xocalı soyqırımını törədən canilər beynəlxalq məhkəmədə cəzalandırılmalıdırlar.
Konfrans iştirakçıları “Qarabağdır Azərbaycan” filmini izləmiş, Qazi Univesritetinin incəsənət fakültəsinin hazırladığı “Qarabağ” mahnısına çəkilmiş videoklip nümayiş etdirilmişdir.
Tədbirdə “Xocalıya ədalət” kampaniyasının Ankara üzrə təmsilçiliyinin səfirliyin dəstəyi ilə açdığı www.hocaliyaadalet-tr.com saytının təqdimatı olmuşdur. Burada “Xocalıya ədalət” kampaniyası çərçivəsində imzaların toplanması davam etdirilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara