AZƏRBAYCANIN YENİYETMƏLƏRDƏN İBARƏT QRUP KOMANDASI İSRAİLDƏ KEÇİRİLƏN BEYNƏLXALQ TURNİRİN GÜMÜŞ MÜKAFATÇISI OLMUŞDUR
Bakı, 28 aprel (AZƏRTAC). Azərbaycanın yeniyetmə gimnastlardan ibarət qrup komandası İsrailin Xolon şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, yarışların ilk günü qızlarımız beş lentlə 23.425 bal toplayaraq, Rusiya və İsraildən sonra üçüncü nəticə əldə etmişlər. Komandanın baş məşqçisi Marianna Vasilyevanın xəbər verdiyinə görə turnirin ikinci günü Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Aelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmova daha yaxşı çıxış etmişlər. Qrup Rusiya və Bolqarıstanı qabaqlamış, yalnız turnir sahiblərindən geri qalaraq 23.85 bal toplamaqla ikinci yeri tutmuşdur. Bolqarıstanlı mütəxəssis Marianna Vasilyeva dediklərinə əlavə etmişdir ki, mənim gənc qızlarım üçün bu son turnir idi və mayın 15-dən 17-dək Bakıda keçiriləcək Avropa çempionatına yaxşı hazırlıq olmuşdur.
İsrailin Holon şəhərində bədii gimnastika üzrə Qran-pri seriyasından yarışlar da keçirilirdi. Aliyə Qarayeva və Anna Qurbanova hər ikisi iki finalda - iplə və topla yekun mərhələsində çıxış etmişlər. Aliyə həm top və həm də iplə yarışda iki dəfə dördüncü yeri, Anna isə topla beşinci, iplə isə altıncı yeri tutmuşdur. Çoxnövçülük yarışlarında Qarayeva yeddinci, Qurbanova isə doqquzuncu yerə çıxmışdır.
Ölkəmizi Bakıda keçiriləcək Avro-2009 çempionatında təmsil edəcək Zeynəb Cavadlı Sloveniyanın Maribor şəhərində təşkil olunan Dünya kuboku yarışlarında iştirak etmişdir. O, dərəcəyə görə iki finalda iştirak etmək hüququ qazanmışdır. Həm iplə, həm də halqa ilə yarışda Zeynəb Cavadlı yeddinci yeri tutmuş, çoxnövçülük yarışlarında isə 28 iştirakçı arasında doqquzuncu yeri özünə təmin etmişdir.
Bu həftə Azərbaycan gimnastları mayın 1-dən 3-dək İtaliyanın Pesaro şəhərində keçiriləcək Dünya kubokunun növbəti mərhələlərində iştirak edəcəklər. Yarışlarda ölkəmizi Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı, habelə yaşlı qrup komandası təmsil edəcəkdir.