Azərbaycanlı tələbə Çində bodibildinq yarışının qalibi olub
Pekin, 16 noyabr, AZƏRTAC
Pekin İdman Universitetində təhsil alan Sadiq Həsənov Çində “DMS bodibildinq və fitnes-2017” yarışının final mərhələsinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, bodibildinq üzrə Çində keçirilən ən irimiqyaslı yarışlardan olan çempionatda idmançılar 9 kateqoriyada mübarizə aparıb. Pekində keçirilmiş final mərhələsinə il ərzində təşkil olunan yarışlarda yüksək nəticələr göstərmiş idmançılar yarışmaq hüququ qazanıb.
S.Həsənov fitnes-model yarışında “A” kateqoriyasında gücünü sınayıb. Bütün rəqiblərindən üstün olan həmyerlimiz yarışın qalibi adını qazanıb.
Qeyd edək ki, S.Həsənov Çində təşkil olunan ənənəvi yarışlarda daim yüksək nəticələr göstərir. O, bir neçə yarışda mükafatçılar sırasında olmağı bacarıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin