“Azərikimya” İstehsalat Birliyi idarə və müəssisələrinin komandaları idmanın piyada turizm növü üzrə yarışacaqlar
Sumqayıt, 28 iyun (AZƏRTAC). Prezident İlham Əliyev tərəfindən ölkədə 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar cari ilin əvvəlindən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyinin (İB) təşəbbüsü ilə idmanın futbol, şahmat, tennis və s. növləri üzrə İB və Sumqayıt müəssisələri arasında minlərlə idmançının qoşulduğu maraqlı yarışlar təşkil edilmişdir.
Bu günlərdə isə 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə İB-nin idarə və müəssisələrinin komandaları daha bir maraqlı idman növü olan səmtləşmə üzrə yarışlara qoşulacaqlar. Hər birinin tərkibi 5 nəfərdən ibarət olan komandaların yarışı idmanın piyada turizm növünə dair mövcud qaydalara uyğun şəkildə təşkil ediləcəkdir.
“Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edəcək yarışlar zamanı kimyaçılar bir neçə kilometr məsafəni qət etməlidirlər. Yarış iştirakçıları məsafənin böyük bir hissəsini qaçış üsulu ilə daşlardan, ağaclardan ibarət olan maneələri aşaraq keçməli, kanatla kanal üzərindən tullanmaqla xəritə üzrə qısa müddət ərzində lazımi yeri və hədəfi tapmalıdırlar. Daha sonra onlar müəyyən məsafəni ipin üstündə hərəkət etməklə ağac və ya taxta üzərində arxların və çayın üstündən keçərək finişə daha tez çatmağa cəhd göstərməlidirlər.
Yarışın əsas məqsədi kimyaçılar arasında səmtləşmə idman növünün populyarlaşmasına və kütləviləşməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə, sağlamlıqlarının möhkəmləndirilməsinə, kollektivlərdə sağlam həyat tərzinin formalaşdırılmasına nail olmaqdır.
Yarışda fərqlənən komandalar pul mükafatı və fəxri fərmanlarla təltif olunacaqlar.