“Azərişıq” sədri Kürdəmirdə vətəndaşlarla görüşüb
Bakı,15 mart, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Kürdəmir və Ucar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Kürdəmir rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər. Vətəndaşlar bölgələrdə görüşlə bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.