Bakı Ali Neft Məktəbi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb
Bakı, 9 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstəyi mənəvi və vətəndaşlıq borcu hesab edərək əməkhaqları hesabına Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, əməkdaşlar işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşlarından 11 min manat ianə ediblər.
Ali məktəbin əməkdaşları və məzunları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüş əmrinə hər an hazır olduqlarını qətiyyətlə bəyan edirlər.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.