CƏMİYYƏT
Bakı meriyasının layihəsinə Binəqədi rayonu da qoşulub
Bakı, 13 avqust, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 5 ildir həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. Artıq paytaxtın Nərimanov, Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı və Səbail rayonlarında icra olunan layihəyə avqustun 20-dən Binəqədi rayonunun da qoşulması qərara alınıb.
Son vaxtlar Binəqədi rayonunda abadlıq və təmizliklə bağlı həyata keçirilən müsbət işlər, dəyişikliklər müşahidə edilir və bu baxımdan layihənin Binəqədidə də icrası problemlərin aradan qaldırılması istiqamətində atılan daha bir addımdır.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihəyə yeni qoşulan Binəqədi rayonunda hazırlıq işləri çərçivəsində, ilk növbədə, 656 konteyner meydançası yaradılıb. İlkin mərhələdə meydançalara 1655-i yaşıl və 563-ü narıncı rəngdə olmaqla, ümumilikdə müasir tipli 2218 yeni konteyner yerləşdirilir, əraziyə cavabdeh şəxslər təyin olunur.
Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Bakı Şəhər və Binəqədi Rayon icra hakimiyyətlərinin rəhbər, bələdiyyə, təsərrüfat xidmətlərinin işçilərinin və gənclərin iştirakı ilə rayonun qəsəbələrində, məhəllələrində, həyətlərində görüşlər keçirilir. BŞİH-lə “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən, İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verir.
Maarifləndirmə tədbirləri çərçivəsində vətəndaşlara layihənin məqsədi izah edilir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, məlumatlandırıcı bukletlər paylanılır, məhəllələrdə, həmçinin binaların bloklarında posterlər yapışdırılır.
Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 104 ədəd yeni avtonəqliyyat vasitəsi və mexanizmləri alınaraq istifadəyə verilib. Əlavə olaraq isə bu yaxınlarda daha 40 avtomobil gətiriləcək.
Qeyd edək ki, layihənin uğurlu icrası son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində abad şəhərə çevrilən paytaxtımızın daha təmiz saxlanılması, ətraf mühitin, əhalinin sağlamlığının qorunması, ekoloji mədəniyyətin formalaşması və iqtisadi səmərənin əldə olunması məqsədi daşıyır.