Bakıda 39 İslam ölkəsinin Milli Olimpiya komitələri üzvlərinin görüşü keçirilib
Bakı, 13 may, AZƏRTAC
Dördüncü İslam Həmrəylik Oyunlarına hazırlıq işləri çərçivəsində Oyunların Əməliyyat Komitəsinin (AİHOƏ) təşkilatçılığı ilə mayın 13-də Bakıda 39 İslam ölkəsinin Milli Olimpiya komitələrinin üzvlərinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, 70-dək nümayəndə iştirak edib.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İslam Həmrəylik İdman Federasiyasının ikinci vitse-prezidenti Çingiz Hüseynzadə “Bakı-2017” ilə bağlı mühüm məsələlərin müzakirə edilməsi üçün çoxsaylı qonaqların ölkəmizə səfərinin əhəmiyyətini yüksək qiymətləndirib. O, Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına artıq bir ildən də az vaxt qaldığını vurğulayıb. Ç.Hüsenyzadə Milli Olimpiya komitələrinin nümayəndələrinin ölkəmizdə idmançılar üçün yaradılmış imkanlardan məmnun qalacaqlarına və bu mötəbər yarışın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.
Toplantı iştirakçıları IV İslam Həmrəylik Oyunlarına hazırlıq prosesi ilə əlaqədar mühüm məsələləri müzakirə etməklə yanaşı, görülən işlərlə tanışlıq üçün yarışların keçiriləcəyi məkanlarda da olacaqlar.