Bakıda Argentinanın turizm potensialının və mədəniyyətinin təqdimatı olmuşdur
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 2-də Bakıda Argentinanın turizm imkanlarına və mədəniyyətinə həsr olunmuş təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır.
Mədəni, iqtisadi və digər sahələrdə də əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparıldığını bildirən səfir Azərbaycan ilə Argentina arasında münasibətlərin hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyətə başlamasından sonra daha da inkişaf etdiyini xüsusilə vurğulamışdır.
Karlos Dante Riva iki ölkənin bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, bu yaxınlarda Argentina ilə Azərbaycan arasında birbaşa hava reyslərinin açıla biləcəyini də qeyd etmişdir. Hər iki xalqın qonaqpərvər olduğunu söyləyən səfir yeni hava uçuşlarının açılmasının iki ölkə arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyini bildirmişdir.
Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da genişləndirməyin əhəmiyyətinə toxunan argentinalı diplomat bu münasibətlərin gələcək inkişafı baxımından belə tədbirlərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulamışdır.
Daha sonra Argentinanın Turizm Nazirliyinin nümayəndəsi Rodolfo Millesi təqdimatla çıxış edərək ölkəsinin turizm məkanları, milli mədəniyyəti, mətbəxi və təbiəti haqqında ətraflı məlumat vermişdir.
Tədbirdə, həmçinin Argentinanın “Tanqo” rəqsinin nümayişi və “Malbec” şərabının dequstasiyası olmuşdur. Bildirilmişdir ki, bugünkü təqdimat mərasiminin əsas məqsədi iştirakçıları Argentinanın turizm və mədəniyyəti ilə tanış etməkdir.
Qeyd edək ki, Argentina nümayəndə heyəti Azərbaycan və bütün Qafqaz regionunda turizm sənayesinin böyük ixtisaslaşdırılmış tədbirlərindən biri - 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində (“AITF-2014”) iştirak etmək üçün Bakıda səfərdədir. Sərgidə Argentina Respublikasının ölkəmizdəki səfirliyi və Argentina Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Turizm Təşviqi İnstitutunun (İMPROTUR) birgə dəstəyi ilə ölkənin turizm potensialına dair stend quraşdırılacaqdır.
Stenddə Argentinanın turizmi və mədəniyyəti haqqında müxtəlif məlumat kitabçaları, videoçarxlar, milli geyimlərin nümayişi, ölkə mətbəxinin zəngin nümunələrinin dequstasiyası təqdim olunacaqdır.