BAKIDA KƏND TƏSƏRRÜFATI YARMARKALARININ FƏALİYYƏTİ GENİŞLƏNİR
Xətai rayonunda, “Bakı” kinoteatrının yanındakı “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində avqustun 6-da sayca beşinci yarmarka keçirilimişdir. Yarmarkaya Azərbaycanın bir çox guşələrindən -Sabirabad, Saatlı, Kürdəmir, Ağdaş, Quba, Şəmkir, Ağcabədi və başqa rayonlardan məhsul dolu 30-dək avtomaşın gəlmişdi. Hiss olunurdu ki, yarmarkalar getdikcə daha geniş vüsət alır, ətrafına daha çox satıcı və alıcı toplayır. Piştaxtalarda bol meyvə və tərəvəz düzülmüşdü. Alıcılar isə əvvəlki günlərdəkindən çox idi.
Yarmarkanın təşkili üzrə işçi qrupundan bildirmişlər ki, avqustun 5-də burada 70 tonadək kənd təsərrüfatı məhsulu satılmış, bu gün də bir o qədər meyvə, tərəvəz, bostan və heyvandarlıq məhsullarının satılması proqnozlaşdırılır.
Əkib becərdikləri məhsulu satmaq üçün sərfəli bazar tapmış kəndli-fermerlərin ürəyindən olan bu təşəbbüs artıq dönməz xarakter almış və öz əhatə dairəsini getdikcə daha da genişləndirir.