BAKIDA NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ ÜMUMXALQ ŞƏNLİYİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏNLİKDƏ İŞTİRAK ETMİŞDİR
Martın 20-də yurdumuza baharın gəlişi münasibətilə ən izdihamlı bayram şənlikləri ölkəmizin paytaxtı Bakıda keçirilmişdir. Qədim İçərişəhərin darvazaları qarşısında - Gənclər meydanında bayram münasibətilə böyük mərasim təşkil olunmuş, ətrafdakı binalar, əsrlərin şahidi olan qədim qala divarları al-əlvan plakatlarla bəzədilmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Gənclər meydanına gəldilər. Meydana toplaşmış minlərlə şəhər sakini dövlətimizin başçısını, onun xanımını hərarətlə, sürəkli alqışlarla qarşıladı.
Xalqımız qədim el bayramı olan Novruzu doğma Azərbaycanımızın hər yerində böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd edir. Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə xalqımıza təbrikində deyildiyi kimi, ölkəmizin sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımız da Novruz bayramını bizimlə birlikdə böyük sevinclə qarşılayırlar. Dünya azərbaycanlılarının milli həmrəyliyinin rəmzinə çevrilən bu bayram hər gəlişi ilə onların azərbaycançılıq məfkurəsi işığında doğma Vətənə bağlılıq duyğularını daha da gücləndirir.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar. Atlılar dəstəsinin müşayiəti və milli musiqi sədaları altında meydana tonqal gətirildi. Dövlətimizin başçısı Novruz tonqalını alovlandırdı. Bahar qız el adətincə, Prezidentə və xanımına səməni və bayram xonçası təqdim etdi.
Şənliyin aparıcıları bahar bayramının millətimizə ruzi-bərəkət gətirməsini arzulayaraq, əsrlərin sınağından çıxmış, gözəl adət-ənənələri ilə bu gün də uca tutulan bu el bayramının ulu öndər Heydər Əliyev tərəfindən layiqincə qorunub yaşadılmasını, onun hazırda respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunmasını xatırlatdılar.
Meydanda qəhrəmanlıqla dolu keçmişimizin mənzərəsini canlandıran səhnələr göstərilir, şən, oynaq musiqi sədaları ətrafı bürüyürdü. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında daha xoş ovqat doğururdu.
Prezident İlham Əliyev şənliyə toplaşmış paytaxt sakinləri ilə səmimiyyətlə salamlaşdı, onları Novruz bayramı münasibətilə təbrik etdi.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |




































