CƏMİYYƏT
Bakıdakı Rus evində “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” xeyriyyə aksiyasına start verilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Bakıdakı Rus evində “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” xeyriyyə aksiyasına təntənəli start verilib.
AZƏRTAC xəbər verir ki, “Rossotrudniçestvo”nun nümayəndəliyi artıq dörd ildir Azərbaycanda Bilik Günü ərəfəsində belə silsilə tədbirlər keçirir.
Tərəfdaş qismində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanın Rus İcması, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyi və “Trans Eksport” şirkəti çıxış edib.
Mərasimdə 20-dən çox gələcək birinci sinif şagirdi məktəbli çantası və hədiyyə sahibi olub. Onları məktəbə Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Bakı və Azərbaycan yepiskopu Aleksi, Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, “GiD CSR Consulting” şirkətinin təsisçisi Nigar Əliyeva və “Trans Eksport” şirkətinin direktoru, “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” layihəsinin sponsoru Olqa Kudlayeva müşayiət edib. Onlar gələcək məktəblilərə elm öyrənməkdə uğurlar, ən əsası isə məktəb divarları arasında ömürlük yeni dostlar qazanmağı arzulayıblar.
Silsilə tədbirlər çərçivəsində ölkənin bir sıra regionlarında tədris rus dilində aparılan məktəblərin gələcək birinci sinif şagirdlərinə içində məktəb ləvazimatları olan çantalar təqdim olunacaq. Ümumilikdə 250-dən çox şagirdin belə dəstlərlə təmin olunması planlaşdırılır. Bundan əlavə, bütün uşaqlara xatirə hədiyyəsi - yumşaq oyuncaq - bu il nümayişinin 55 illiyi tamam olan "Çeburaşka" Rusiya cizgi filminin qəhrəmanı veriləcək.