Balakəndə Ulu Öndərə həsr olunan turnirdə 28 şahmatçı mübarizə aparıb
Balakən, 5 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 5-də Balakən rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş idarə və təşkilatlar arasında şahmat üzrə rayon turniri keçirilib. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər evində təşkil olunan turnirdə 28 şahmatçı mübarizə aparıb.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin keçirilməsində məqsəd Ulu Öndərin xatirəsini yad etmək, rayonda şahmatın kütləviliyini inkişaf etdirməkdir.
Yekun nəticələrə əsasən, rayon Gənclər və İdman İdarəsinin təmsilçisi Səfər Gəncəyev turnirin qalibi adını qazanıb. Rayon Statistika İdarəsinin əməkdaşı Asif Osmanov və Gənclər evinin təmsilçisi Fuad Mikayılov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Turnirin qalibləri diplomlarla mükafatlandırılıblar.