Bayram günlərində Naftalana gələn turistlərin sayı 3 minə çatıb
Naftalan, 5 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Beynəlxalq turizm mərkəzi olan Naftalanda yaradılan müasir turizm infrastrukturu nəinki isti yay aylarında, hətta soyuq qış fəslində də şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Naftalana üz tutan yerli və xarici qonaqların sayında əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə 1500 turist artım qeydə alınıb. Şəhərdəki müasir otel və istirahət mərkəzlərində bayram günlərində, ümumilikdə, 3 minə yaxın turist dincəlib.
Yeni il bayramında qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər və xüsusi hazırlanmış əyləncəli şou proqramlar təşkil olunub. Bundan başqa, bayram günləri ərəfəsində turistlərin daha mənalı istirahəti üçün turizm obyektləri tərəfindən Naftalana yaxın digər mənzərəli bölgələrə ekskursiyalar təşkil edilib.