SİYASƏT
Belarus Respublikasının Azərbaycanlı İcmalar Konqresinin gənclər bölməsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etmişdir
Bakı, 23 dekabr (AZƏRTAC). Bakı Slavyan Universitetinin Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti (BDPU) nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nəzdindəki “Sozvezdiye” yaradıcı gənclər klubu ilə Belarus Respublikasının Azərbaycanlı İcmalar Konqresinin gənclər bölməsi arasında interaktiv videokörpü formatında olmuşdur. Belarus tərəfini BDPU-nun Belarus və rus filologiyası fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Vasili Stariçenov, Azərbaycanlı İcmalar Konqresinin nümayəndəsi Oleq Bədəlov, Minsk şəhərinin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı və belarus tələbələr təmsil etmişlər.
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Eleonora Hüseynova qonaqları salamlayaraq, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmişdir.
Belarus Respublikasının Azərbaycanlı İcmalar Konqresinin gənclər bölməsindən AZƏRTAC-a bildirmişlər ki, videokörpüdə xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının iş şəraiti və xüsusiyyətləri, Azərbaycan mədəniyyətinin qorunub saxlanması və təbliği, Belarusun Azərbaycanlı İcmalar Konqresinin bölməsi və BSU-nun BDPU nəzdindəki Azərbaycan dili və Mədəniyyəti Mərkəzi ilə Belarusun gənclər təşkilatlarının əməkdaşlığı məsələləri, o cümlədən “Sozvezdiye” yaradıcı gənclər klubu ilə birgə tədbirlərin keçirilməsi perspektivləri müzakirə edilmişdir.
Bölmənin rəhbəri Elvira İmanova bildirmişdir ki, belə videokonfranslar təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan gənclərimizi birləşdirmir, həm də müxtəlif ölkələrin nümayəndələrinə gənc nəsli maraqlandıran aktual və faydalı informasiya mübadiləsi aparmağa imkan verir.