BELARUSDA BEYNƏLXALQ GƏNCLİK DÜŞƏRGƏSİ TƏŞKİL EDİLƏCƏKDİR
Bakı, 29 aprel (AZƏRTAC). Bu il mayın 11-dən iyunun 19-dək Belarusda “Zubryonok” milli uşaq-sağlamlıq düşərgəsi bazasında beynəlxalq gənclik düşərgəsi təşkil ediləcəkdir.
MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidməti bildirir ki, bu düşərgə Birliyin iştirakçısı olan dövlətlərin Gənclər məsələləri üzrə Şurasının qərarına müvafiq olaraq təşkil ediləcəkdir. Düşərgənin təsisçiləri kimi Belarus Təhsil Nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu çıxış edir.
Düşərgənin təşkil edilməsində məqsəd gənclərə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün şərait yaratmaq, gəncləri Birlik ölkələrində gənclər siyasətinin həyata keçirilməsi haqqında məlumatlandırmaq, bu ölkələr arasında mehriban qonşuluq münasibətlərini möhkəmlətmək, gənclərin MDB haqqında təsəvvürlərini genişləndirməkdir.
Aksiyada Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistandan olan gənclər və yeniyetmələr iştirak edəcəklər.
Düşərgədə məşğələlər iki növbədə keçiriləcəkdir. “Lider məktəbi” adlanan birinci növbə mayın 11-dən 28-dək davam edəcəkdir. Həmin növbədə gənclərin ictimai birliklərinin fəalları, gənclərlə iş üzrə dövlət strukturlarının və Gənc Alimlər Şurasının nümayəndələri, “Lider” müsabiqələrinin qalibləri iştirak edəcəklər. İkinci növbə ərzində keçiriləcək “Sərhədsiz dostluq” beynəlxalq forumuna uşaq birliklərinin və təşkilatlarının liderləri, məktəb özünüidarə qurumlarının üzvləri dəvət edilmişdir.
Beynəlxalq düşərgənin proqramında MDB-nin İcraiyyə Komitəsinin rəhbərləri, gənclərlə iş üzrə milli dövlət qurumlarının rəhbərləri, tanınmış siyasətçilər və alimlərlə görüşlər planlaşdırılır.