BENİLÜKS AZƏRBAYCANLILARI KONQRESİNİNTƏSİS KONFRANSI KEÇİRİLMİŞDİR
BAK-ın təsis edilməsindən məqsəd Benilüks ölkələrindəki Azərbaycan və türkdilli cəmiyyət və dərnəkləri bir araya gətirməkdən, onların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Benilüks ölkələrində məskunlaşmış soydaşlarımızın tarixi vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, türkdilli xalqlar arasında birliyin və həmrəyliyin təmin olunması, milli mənəvi dəyərlərin birgə qorunması və Avropa ölkələrində təbliği Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyət platformasının əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Benilüks ölkələrində fəaliyyət göstərən və beş təşkilatı özündə birləşdirən İraq Türkmənlərinin Məclisi də konqresin tərkibinə daxil olmuşdur. Konfransda BAK-ın nizamnaməsi, bayrağı, idarə heyəti, sədri təsdiq edilmişdir. Niderland-Azərbaycan Cəmiyyətinin təsisçisi Sahil Qasımov konfransda BAK-ın sədri seçilmişdir.
Konfransda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin sədri Nazim İbrahimov çıxış edərək, dövlətimizin diaspor quruculuğu istiqamətində apardığı siyasətdən, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və türk diaspor təşkilatlarının 2007-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulmuş I Forumunun məqsədindən danışmış və konfrans iştirakçılarının suallarını cavablandırmışdır.
Konfransda iştirak edən cəmiyyət və təşkilat rəhbərləri İlhan Aşkın, Elman Mustafazadə, Musa Pünhan, Şahin Çalışqan, Elsevər Məmmədov, Cüneyt Avcu, Almaniyada yaşayan şair-publisist Orxan Araz, Hollandiya Türk Federasiyasından Nedan Doruk, ölkəmizin Belçikadakı səfirliyinin nümayəndəsi F.Hümbətov və başqaları çıxış etmişdir.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Konfrans öz işini konsertlə davam etdirmişdir. Konsertdə Hollandiyada yaşayan musiqiçilərlə bərabər, Azərbaycanın əməkdar artisti Azərin geniş proqramla çıxış etmişdir.