BERLİNDƏ BEYNƏLXALQ ANA DİLİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Berlin, 23 fevral (AZƏRTAC). Beynəlxalq Ana Dili günü münasibətilə Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi tərəfindən Berlin şəhərində tədbirlər keçirilmişdir.
Tədbirlərdən biri Alman-Azərbaycan Akademik Birliyi ilə əməkdaşlıq çərçivəsində Alman-Azərbaycan Forumunun bürosunda olmuşdur. Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan qurumlarının nümayəndələri xaricdə yaşayan azərbaycanlıların ana dili və ümumiyyətlə türkdilli xalqların dil haqqlarının qorunmasına dair müzakirələr aparmış və bu məzmunda YUNESKO-ya təqdim edilmək üçün müraciət imzalamışlar.
Daha bir tədbir Azərbaycan Mədəniyyət Ocağında olmuşdur. Bu tədbirdə Azərbaycan dili məktəblərinin tarixi və inkişafı ilə bağlı mühazirə oxunmuş, Azərbaycan dilində şeirlər söylənmiş, xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi yad edilmişdir.
Hər iki tədbirdə Azərbaycan diasporunun fəal üzvlərinin çıxışları, dil problemləri ətrafında müzakirələr, dilin hazırkı inkişafı haqqında söhbətlər aparılmışdır.
Mədəni irsin təməl sütunlarından olan, insanın milli-mədəni mənsubiyyətini və mənəviyyatını müəyyən edən əsasların ən vacibi olan dil amilinin Almaniyada yaşayan azərbaycanlıların və böyüyən gələcək nəslin həyatında böyük əhəmiyyətini qeyd edən Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova mərkəz tərəfindən bu sahədə bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######
