Beyləqanda şəhid Mirtalıb Ağazadə ilə vida mərasimi keçirilib VİDEO
Beyləqan, 14 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan Ağazadə Mirtalıb Heydər oğlu Beyləqan şəhidlər xiyabanında dəfn edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan hərbi birləşmələrinin Azərbaycan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan müddətdən artıq həqiqi hərbi xidmətçi Ağazadə Mirtalıb Heydər oğlunun nəşi bu gün doğma kəndinə gətirilib. Şəhidin böyüyüb boya-başa çatdığı evdə vida mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin hərbçi yoldaşları, veteran və qazilər iştirak ediblər.
Qeyd edək ki, Ağazadə Mirtalıb Heydər oğlu 1994-cü il yanvarın 16-da Beyləqan rayonu İkinci Aşıqlı kəndində dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilib. Ötən il könüllü olaraq ordu sıralarına qoşularaq müddətdən artıq hərbi qulluqçu kimi Vətən keşiyində dayanıb.