Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi: Qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizə önəmlidir
Şəki, 27 avqust, AZƏRTAC
Qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizə önəmlidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu avqustun 27-də Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində “İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda keçirilən elmi-praktiki konfransda Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona deyib.
Roel Dona Azərbaycan Prokurorluğunun ekoloji hüquqpozmalara qarşı mübarizə təcrübəsinin beynəlxalq və regional təşkilatlar, həmçinin digər ölkələrin prokurorluq qurumları tərəfindən təqdir olunduğunu qeyd edərək, qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizənin əhəmiyyətindən söz açıb.
Daha sonra 2024-cü ilin sentyabr ayında ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağına hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər barədə danışan Roel Dona, beynəlxalq tədbirdə 400-dən çox xarici qonağın Azərbaycana səfər edəcəyini bildirib.