SİYASƏT
BİR DAHA ŞƏXSİYYƏTİN TARİXDƏ ROLU BARƏDƏ
Moskva, 11 fevral (AZƏRTAC). İTAR-TASS Agentliyinin “Exo planetı” jurnalında dərc olunmuş “Heydər Əliyev. Bir daha şəxsiyyətin tarixdə rolu barədə” məqaləsində Valeri Calaqoniya yazıçı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildli roman-tədqiqatının bu yaxınlarda Moskvada keçirilmiş təqdimatı barədə təəssüratlarını bölüşmüşdür.
Rusiyanın aparıcı publisistlərindən biri olan Valeri Calaqoniya yazır: “Keçmiş SSRİ məkanında yaranmış müstəqil respublikalarda dövlət quruculuğu təcrübəsi şəxsiyyətin tarixdə rolu barədə çoxəsrlik mübahisələri bir daha meydana çıxarmışdır. Bu prosesin ən parlaq nümayəndələrindən biri Heydər Əliyevdir. Oljas Süleymenovun sözlərincə desək, o, bir ölkədə iki dövlətin rəhbəri olmuşdur. Tale onun həmkarı və coğrafi qonşusu Eduard Şevardnadzeyə də belə imkan vermişdir. O da Heydər Əliyev kimi əvvəlcə öz respublikasının partiya rəhbəri, sonra isə müstəqil Gürcüstanın Prezidenti olmuşdur. Bu, Plutarxın “Həyatın müqayisəli təsviri” ruhunda yazı üçün mövzu ola bilər. Azərbaycan rəhbərinin hakimiyyətə ikinci qayıdışının uğurlu, Şevardnadzenin isə Gürcüstana qayıdışının uğursuz olduğunu nəzərə alsaq, bu cür təhlillər çox maraqlı ola bilər. Lakin bu mövzunu gələcək tədqiqatçılara tövsiyə etmək olar”.
Məqalədə tanınmış Azərbaycan yazıçı-publisisti Elmira Axundovanın əməyi yüksək qiymətləndirilmiş, onun “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabları sənədli ədəbiyyat janrının nadir nümunəsi adlandırılmışdır. Qəhrəmanın həyat və fəaliyyəti barədə məlumatların bu cür qayğı və zəhmətlə toplanmasının ikinci nümunəsini tapmaq çətindir. Ümummilli lider Heydər Əliyevin həyatının Moskva dövründə ulu öndərin fəaliyyətini SİTA xətti ilə işıqlandırmış Valeri Calaqoniya yazır: “Şəxsi təəssüratlarla zənginləşdirilən faktlar mozaikası Elmira Axundovaya görkəmli müasirimizi oxuculara bütün möhtəşəmliyi ilə təqdim etməyə imkan vermişdir”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva