SİYASƏT
Bişkekdəki Azərbaycan diasporunun üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmişlər
Bişkek, 28 dekabr (AZƏRTAC). Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirmişdir.
Tədbirdə Bişkekdəki diasporumuzun üzvləri, Qırğızıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Qırğızıstandakı səfirliyinin konsulu Fərhad Məmmədov Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciətinin mətnini oxumuş, bu günün tarixi əhəmiyyətini haqqında ətraflı məlumat vermişdir.
AMM-nin sədri, Qırğızıstanın Əməkdar Hüquqşünası Əzizağa Əliyev bildirmişdir ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısındakı tarixi xidmətlərindən biridir. 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu barədə xüsusi qərar qəbul etmiş, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunmuşdur. Beləliklə, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olmuşdur.
Bildirilmişdir ki, hazırda Qırğızıstanın ali məktəblərində 500-dən çox azərbaycanlı tələbə təhsil alır və onların əksəriyyəti AMM-nin keçirdiyi bütün tədbirlərdə fəal iştirak edirlər.
Jurnalist, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli 2001-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının ilk tarixi qurultayının keçirildiyini, Ümummilli Liderin bununla da dünya azərbaycanlılarını birləşdirmək kimi tarixi bir missiyanın müəllifinə çevrildiyini, həmin tarixi missiyanın bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. O demişdir ki, məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir.
Sonra müxtəlif xalqların nümayəndələri azərbaycanlı həmkarları ilə birlikdə Azərbaycan, türk, qırğız dillərində mahnılar oxumuş, milli rəqslərimizi ifa etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek