BMT-nin Ərzaq Sistemləri Sammiti üzrə Azərbaycanda ikinci milli dialoq görüşü keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
BMT-nin Ərzaq Sistemləri üzrə Sammiti dünya ölkələrinin ərzaq sistemlərini daha güclü və bərabər səviyyəyə gətirərək ərzaq sistemlərində müsbət dəyişikliklərin əldə edilməsini hədəfləyir.
BMT-nin Ərzaq Sistemləri üzrə Sammitindən əvvəl və sonra müxtəlif maraqlı tərəflərin bir araya gətirilməsi ilə ölkələrdə Milli Dialoqların keçirilməsi planlaşdırılır. Azərbaycanda keçirilən ikinci milli dialoq görüşündə müxtəlif maraqlı tərəflər bir araya gələrək ölkənin ərzaq sistemləri, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişaf perspektivləri üzrə məsələlər müzakirə edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, ilk görüşdə ümumi müzakirələr aparılarkən budəfəki görüşdə bütün maraqlı tərəflərin iştirakı ilə dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqaməti üzrə dayanıqlı ərzaq sistemlərinin, innovativ həllərin tətbiqi müzakirə mövzusu olub.
Tədbirin açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin nazir müavini İlhamə Qədimova deyib: “Bu gün biz qəbul etməliyik ki, milli ərzaq sistemlərinin sərhədləri çərçivəsində qalmaq artıq mümkün deyildir. Milli sistemlər üzrə mövcud təcrübələrin dünya səviyyəsində paylaşılması və dayanıqlı ərzaq sistemlərinin formalaşdırılması bunun üçün təcrübə mübadiləsinin aparılması və nəticədə dünyada ərzaq sistemlərinin bərabər səviyyəyə gətirilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz bugünkü görüş də bizim bu Qlobal Sammitdə layiqli iştirakımızın təmin olunması üçün zəmin yaradacaq”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Mələk Çakmak bildirib ki, gücləndirilmiş ərzaq sistemləri yalnız ərzaq təhlükəsizliyinin deyil, həmçinin dayanıqlı ərzaq təchizatı sistemlərinin təmin olunmasının və sağlam qidalanmanın təşviq olunması üçün prioritet rolunu oynayır.
Tədbirdə BMT-nin Rezident Əlaqələndirici ofisinin Strateji Planlaşdırma mütəxəssisi Tarek Cheniti, BMT-nin Ərzaq Sistemləri üzrə Milli Məsləhətçiləri Rəşad Hüseynov və Pərviz Əliyev çıxış ediblər. Tədbir zamanı Azərbaycan üçün dayanıqlı ərzaq sistemlərinin gələcək inkişaf prioritetləri təqdim edilib və bu mövzu ətrafında müzakirələr aparılıb. Tədbir daha sonra iştirakçıların və beynəlxalq təmsilçilərin ümumi müzakirəsi formasında davam edib.
Milli dialoqların keçirilməsinin əsas məqsədi ərzaq sistemlərinə fərqli yanaşmaları tətbiq etmək, dialoqlarda müxtəlif sahələrdən tərəflərin iştirakını təmin etmək, günün çağırışlarına uyğun inkişaf perspektivlərini müəyyən edən strategiyalar formalaşdırmaq və çoxtərəfli, həmçinin dayanıqlı ərzaq sistemləri üzrə bəzi konkret mərhələləri müəyyənləşdirməkdir.