BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOVUN BƏYANATI
-Cənab Prezident!
Mən Sizə öz minnətdarlığımı bildirirəm. Sizin verdiyiniz yüksək qiymətlə şərikəm, çünki bizim hazırkı səfərimiz siyasi dialoqun bir hissəsidir. Xüsusən də, son 3-4 il ərzində apardığımız dialoqun vacib bir elementidir. Bu dialoq açıqdır və onun yaxşı nəticələri var. Təbii ki, hazırda qarşılıqlı münasibətlərimiz yeni bir formada inkişaf edə bilər. Çünki birincisi, Bolqarıstan indi Avropa İttifaqının üzvüdür və artıq fərdi qaydada məsuliyyət daşıyır. Bu məsuliyyət məhz fəal siyasətin həyata keçirilməsinə aiddir. Yəni Avropa İttifaqının yeni qonşuluq siyasətində ölkəmiz öz səylərini göstərməkdədir. O ki, qaldı Azərbaycan Respublikasına, burada əməkdaşlığımızın, qarşılıqlı əlaqələrimizin bütün istiqamətlərindən söhbət gedir. İlk növbədə də enerji sektoru xüsusi olaraq nəzərdə tutulur ki, Siz bunu burada öz bəyanatınızda qeyd etdiniz.
Avropanın enerji təhlükəsizliyinə gəldikdə, Bolqarıstan öz məsuliyyətini dərk edərək, bu sahədə, xüsusən də Avropanın Nabukko layihəsi sahəsində səylərini fəallaşdırmaq istəyir. Biz də bu layihənin bir hissəsiyik. Mən bu iştirakımızı yüksək dəyərləndirir və vacib hesab edirəm. Azərbaycan bu işdə resursları ixrac edən çox etibarlı bir ölkədir.
Eyni zamanda, Prezident Əliyevə öz təşəkkürümü bildirirəm ki, regionlararası konfransın keçirilməsi barədə mənim ideyamı dəstəkləmişdir. Xəzər dənizi və Qara dəniz ölkələrinin konfransının keçirilməsi nəzərdə tutulur. Konfransın əsas mövzusu enerji təchizatı mənbələrinin şaxələndirilməsinə, bu sahədə işlərin daha da gücləndirilməsinə aid olacaqdır. Bu kontekstdə bizim birgə səylər sayəsindəki əldə etdiyimiz nailiyyətlər xüsusi əhəmiyyət daşıyır və bu nailiyyətlər həm Bolqarıstana, həm də Azərbaycana Avropanın enerji təhlükəsizliyinə töhfə vermək imkanı yaradır. Mən bu təklifi irəli sürdüm və nazirliklərimizin, ekspertlərin köməyi ilə və enerji şirkətlərimiz vasitəsilə mövcud olan imkanların müzakirəsi və Azərbaycanın bir sıra Avropa enerji layihələrinə, xüsusilə bu yaxınlarda irəli sürülmüş Burqas-Aleksandropolus layihəsinə qoşulması vacibdir. Müzakirələrimiz zamanı mən bu ideyanı təklif etdim və bildirdim ki, Bolqarıstan təbii qazın hasilatı və ixracında iştirak etməyə hazırdır. Yəni bu o deməkdir ki, məsələn, biz Bolqarıstanın kvotası çərçivəsində 1 milyard kubmetr qaz almağa qadirik və o, artıq Türkiyə və Yunanıstandan keçən boru kəmərindən istifadə edərək, daha sonra isə mövcud olan digər boru kəmərləri ilə nəql edilə bilər. Bu da ki, Azərbaycana uzun müddət ərzində öz işini planlaşdırmaq imkanı yaradacaqdır.
Biz olduqca konkret məsələləri müzakirə etdik və müvafiq nazirliklərdə böyük işlərin görülməsinin zəruriliyini bildirdik. Çox vacibdir ki, daha geniş fəal iqtisadi əməkdaşlığı həyata keçirmək üçün yaxın günlərdə biz əlavə, lakin çox lazımlı imkanlar yaradaq. Xüsusən də nəqliyyat sahəsində. Burada dəmir yolu xətti layihəsi qeyd olundu və hesab edirəm ki, bu, Balkan ölkələrinin vətəndaşları üçün də vacib olardı. Biz eyni zamanda qeyd etdik ki, aviareyslərin açılmasının yubanmasını istəməzdik. Ancaq bu, ilin sonuna qədər digər Balkan dövlətinin paytaxtı ilə sizin ölkəniz arasında aviauçuşların həyata keçirilməsi ilə kompensasiya olunacaqdır. Burada iki region arasındakı əməkdaşlıq xüsusi qeyd edildi.
Dağlıq Qarabağ məsələsinə gəldikdə, mən bir daha bəyan etdim ki, Bolqarıstan bu gün fəal mövqedədir və hətta bunu ATƏT-də sədrliyi zaman da ifadə etmişdir. Yəqin yaxşı xatirinizdədir ki, Azərbaycan bu mövqedən xəbərdardır. Bu mövqedən həmçinin Minsk qrupu da xəbərdardır.
Avropa İttifaqının bir üzvü kimi biz bu mövqeni Avropa İttifaqında da qoruyub saxlayırıq. Kosovo məsələsinə gəldikdə, Bolqarıstan hələ ki, Kosovonun müstəqilliyini tanımayıb, biz öz yekun mövqeyimizi hadisələrin orada necə cərəyan edəcəyindən asılı olaraq ifadə edəcəyik. Lakin mən əminliklə bildirmək istəyirəm ki, Avropa İttifaqının bəyan etdiyi mövqe xüsusi bir haldır və digər münaqişələr üçün presedent ola bilməz. Avropanın istənilən digər bir yerində və yaxud dünyanın digər guşələrində, ya da bizim regiona yaxın olan yerlərdə bu, presedent ola bilməz. Xüsusən də bizim üçün Kosovo problemi nəinki öz müqəddəratını təyin etmək baxımından, o cümlədən regionun təhlükəsizliyi baxımından vacibdir. Bu, daha müdrik, tarazlı mövqeyimizi əsaslandırır.
Biz görüşlərimiz zamanı digər olduqca böyük, əhatəli məsələləri, o cümlədən, mədəniyyət sahəsində müqavilələrimizin artırılması və bu sahədə xalqlar arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik. Mən Prezident Əliyevi ölkəmizə dəvət etdim. Əminəm ki, gələn aylar ərzində Prezident Əliyevin Bolqarıstana səfərindən sonra mədəniyyət sahəsində müqavilələrimizi də artıracağıq və bu da xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq və daha da yaxşı tanıdacaqdır. Sağ olun.