BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOVUN ÇIXIŞI
-Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Məni ölkənizə dəvət etdiyinizə və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanına görə Sizə təşəkkürümü bildirmək istəyirəm.
Bizim xalqlarımız arasında həmişə etimad olub və bu etimad ikitərəfli münasibətlərin inkişafının əsas şərtidir. Mən cənab Prezidentlə tamamilə razıyam ki, bu gün bizim qarşılıqlı münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə qalxıb. Bu münasibətlər bizim Avropa İttifaqının üzvü olmağımız və sizin Avropa İttifaqı ilə tərəfdaşlığınız kontekstində inkişaf edir. Bu münasibətlər o faktlara əsaslanır ki, həm Bolqarıstan, həm də Azərbaycan yerləşdikləri regionlarda siyasətin formalaşmasında fəal rol oynayırlar. Biz ölkələrimiz arasında qarşılıqlı münasibətlər barədə danışanda təkcə əvvəlki əlaqələrdən bəhs etməklə kifayətlənə bilmərik. Bizim qarşılıqlı münasibətlərin gələcək perspektivləri var. Mən əminəm ki, nəqliyyat infrastrukturu ilə bağlı layihələrimiz olacaq, bu layihələr ölkələrimiz arasındakı məsafəni sözün həqiqi mənasında qısaldacaqdır.
Mən əminəm ki, biz müştərək enerji layihələri həyata keçirməyə nail olacaq, onların sayəsində Avropa İttifaqının enerji təhlükəsizliyinə öz töhfəmizi verəcəyik. İnanıram ki, mənim bu səfərimdən sonra şirkətlərimiz sərmayə qoymaq və öz aralarında qarşılıqlı münasibətləri yaxşılaşdırmaq üçün yeni imkan əldə edəcəklər. Qarşıda görülməli işlər çox olacaq, lakin mən əminəm ki, gələn il, bəlkə də elə bu mövsümdə Siz Bolqarıstanda səfərdə olarkən qarşılıqlı münasibətlərimizlə bağlı bir çox yeni məsələləri müzakirə edəcəyik.
Mən bolqar və Azərbaycan xalqlarının firavanlığı şərəfinə, qarşılıqlı münasibətlərimizin daha yaxşı gələcəyi şərəfinə, burada iştirak edənlərin hamısının şərəfinə badə qaldırmaq istərdim.
######
