BOLQARISTANDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Sofiyadakı səfirliyi Bolqarıstan ictimaiyyətini Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən təcavüz barədə məlumatlandırmaq məqsədi ilə Xocalı faciəsinin 18-ci ildönümünə həsr edilmiş bir sıra tədbirlər keçirmişdir.
Faciənin anım günü ərəfəsində səfirlik Xocalı faciəsi haqqında materialları - Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş kitabları və kitabçaları, habelə səfirliyin xüsusi press-relizlərini müxtəlif instansiyalara çatdırmışdır. Bu materiallar Bolqarıstanın dövlət və qeyri-hökumət təşkilatlarına, o cümlədən parlamentin ali rəhbərliyinə və bəzi deputatlara, Nazirlər Kabinetinin Administrasiyasına, Xarici İşlər Nazirliyinə, eləcə də dövlət elmi mərkəzlərinin, ali məktəblərinin və kitabxanalarının müdiriyyətinə təqdim edilmişdir. Bəzi ictimai xadimlər, o cümlədən Bolqarıstan Elmlər Akademiyasının prezidenti Azərbaycan səfirliyinə başsağlığı vermişdir.
Fevralın 25-də Bolqarıstanın populyar “M-CAT” milli telekanalı Azərbaycana həsr edilmiş xüsusi veriliş yayımlamışdır. Bu verilişin əsas mövzusu Xocalıda törədilmiş soyqırımının qurbanlarının xatirəsinə həsr edilmiş materiallar əsasında qurulmuşdur. Verilişdə erməni silahlılarının törətdiyi vəhşilikləri əks etdirən dəhşətli fotokadrlar nümayiş etdirilmişdir.
Fevralın 26-da səfirliyin təşəbbüsü və Bolqarıstanda təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Bolqarıstanın bəzi ali məktəblərində, o cümlədən Blaqoyevqrad şəhərindəki Amerika Universitetində və Sofiyadakı Müqəddəs Kliment Oxridski adına Universitetdə bu qanlı hadisənin ildönümünə həsr edilmiş aksiyalar keçirilmişdir. Azərbaycanlı tələbələr Xocalı soyqırımı haqqında “Biz Xocalını unutmayacağıq” adlı informasiya yaymışlar. Oxşar tədbirlər azərbaycanlı diplomatların uşaqlarının oxuduğu orta məktəblərdə də keçirilmişdir.