BÖYÜK ÖMRÜN SƏHİFƏLƏRİ
Tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın çoxcildlik «Heydər Əliyev. Şəxsiyyət və zaman» roman-tədqiqatının növbəti kitabı çapdan çıxmışdır.
«Kreml beşilliyi» adı altında nəşr olunmuş kitab ümummilli liderimizin həyatının Moskva dövrünə həsr edilmişdir. Ötən əsrin təlatümlü 80-ci illərində Heydər Əliyevin taleyi Sovet İttifaqında, beynəlxalq aləmdə cərəyan edən qlobal proseslərlə qırılmaz tellərlə bağlı idi. Bu, dünya sivilizasiyasının hələ uzun illər təsirindən qurtula bilmədiyi kataklizmlər, inqilabi dəyişikliklər ərəfəsi idi. Ona görə də müəllifin başlıca məqsədi, özünün dediyi kimi, Siyasi Büro üzvünün, SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin gərgin gündəlik qayğılarını mümkün qədər dərindən və obyektiv əks etdirmək, eyni zamanda, mətbuat və siyasi memuar ədəbiyyat səhifələrində hələ də təkrarlanan bir sıra stereotipləri yox etmək idi. Bu, xüsusilə kitabın qəhrəmanının dövlətin birinci şəxsləri - Y.Andropov, K.Çernenko, M.Qorbaçov, N.Tixonov, N.Rıjkovla münasibətlərinə aiddir. Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin 1982-1987-ci illərdə nəhəng ölkədə gedən siyasi-iqtisadi və sosial-mədəni proseslərə göstərdiyi təsiri yenidən gözdən keçirmək və müəyyənləşdirmək, SSRİ-nin xarici siyasəti sahəsində onun səy və təşəbbüslərinin miqyasını əks etdirmək olduqca vacib idi.
E.Axundova haqlı olaraq hesab edir ki, Heydər Əliyevin bioqrafiyasının Moskva mərhələsi, onun sovet dövründəki karyerasının ən yüksək zirvəsi, əliyevşünaslıqda çox zəif əks olunmuşdur. Ona görə də Heydər Əliyevin Kremldəki çoxcəhətli fəaliyyətinin əvvəllər məlum olmayan epizod və faktları, onun iş üslubu, köməkçilər komandası barədə materiallar belə böyük maraqla oxunur. Müəllif oxucunu ən məxfi məkana - Siyasi Büronun iclas salonuna aparır, stenoqramlar vasitəsilə oradakı ab-havanı hiss etməyə kömək edir, Heydər Əliyev tərəfindən nəhəng ölkə üçün taleyüklü sənədlərin hazırlanması prosesi ilə tanış olmaq imkanı yaradır.
Əliyevin Kremldə keçirdiyi beş il xalq təsərrüfatının ən müxtəlif istiqamətləri ilə bağlı titanik həcmdə işlər görülməsi deməkdir. O, gördüyü hər bir işə öz möhürünü vurmuşdur, onun şəxsi töhfəsini hətta onilliklər ötəndən sonra da görmək çətin deyildir. Beş «Kreml ili» ərzində Heydər Əliyev beynəlxalq miqyaslı görkəmli siyasi simaya çevrilmişdi. Sovetlər İttifaqının bölgələrinə və dünyanın bir çox ölkələrinə səfərlər, ən böyük siyasi partiyaların liderləri və dövlət başçıları ilə danışıqlar, nəhəng ölkənin taleyini müəyyən edən məsuliyyətli qərarların qəbul olunmasında fəal iştirak etməsi Heydər Əliyevi siyasi və dövlət xadimi kimi nadir təcrübə ilə zənginləşdirmiş, müstəqil Azərbaycanın rəhbəri vəzifəsində görüləcək işlərin və nailiyyətlərin əsasını qoymuşdu.
Oxucunu öz yaradıcılıq mətbəxinə dəvət edən müəllif, Heydər Əliyevin «Kreml beşilliyi» dövründə Siyasi Büro üzvlərindən tutmuş köməkçi-referent və texniki işçilərə qədər onunla yaxın təmasda olmuş adamları necə axtarıb tapdığından, apardığı söhbətlərdən danışır. Bu, kilometrlərlə maqnitofon yazıları, kompyuterin virtual yaddaşında yüzlərlə meqabayt deməkdir. Heydər Əliyevin Siyasi Büro və Nazirlər Sovetindəki keçmiş həmkarlarının memuarlarında subyektivlik amili böyük olsa da, bu kitablar çox məlumat vermişdir. Heydər Əliyevin şəxsi arxivində işləməyin müəllifə böyük köməyi olmuşdur. 1990-cı illərdə bu işə könüllü qoşulanların səyi nəticəsində Rusiya Federasiyasının bir sıra arxivlərində, habelə yaxın və uzaq xaricin digər məxəzlərində Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü ilə bağlı bir çox original sənəd aşkar edilərək Bakıya çatdırılmışdır.
«Kreml beşilliyi» kitabı Heydər Əliyevin həyatının 1982-1990-cı illər arasındakı dövrünə həsr edilmiş, çox güman, ən irihəcmli və ətraflı tədqiqat əsəridir. Bu illər böyük yüksəliş, məsuliyyət, şöhrət və nüfuz, eyni zamanda, ümidlərin puça çıxması, ağır itkilər və idealların dağılması dövrüdür. Psixoloji baxımdan «dəyərlərin yenidən qiymətləndirilməsi», kommunizm ehkam və ideallarından imtina, mənəvi böhrandan çıxmaq və yeni həyata başlamaq üçün qüvvə və dayaq tapılması prosesi də asan olmamışdı. Yeganə doğru qərar - vətənə qayıtmaq, xalqına qovuşmaq qərarını qəbul edən Heydər Əliyev həmin dayaq nöqtəsini tapmışdı.
Nəşrin üçüncü cildində (redaktoru Azərbaycanın əməkdar jurnalisti Vladimir Morozkov, rəssamı Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədov) bir çoxu ilk dəfə çap olunan nadir arxiv fotoşəkilləri verilmişdir.