bp-AZƏRBAYCAN ŞİRKƏTİ İLİN YEKUNLARINDAN RAZIDIR
AZƏRTAC-ın müxbiri bildirir ki, son üç ayda görülən işlər və bütövlükdə cari ilin yekunları barədə açıqlama verən Devid Vudvord il ərzində 20 milyon saatdan artıq iş görüldüyünü, bunun müqabilində cəmi 8 iş gününün itirildiyini, ən başlıcası isə bütün əməliyyatların qəzasız ötüşdüyünü və yerli vətəndaşların yüksək iş səriştəsini məmnunluq hissi ilə vurğulamışdır.
Onun dediyinə görə, Azəri-Çıraq-Günəşli yataqlarının işlənilməsi layihəsi üzrə əməliyyat xərclərinə 2003-cü il üçün planlaşdırılan 100 milyon dollar əvəzinə 90 milyon dollar, əsaslı xərclərə isə 2 milyard 52 milyon əvəzinə, 2 milyard 104 milyon dollar vəsait sərf edilmişdir. O, həmçinin ilin əvvəlindən bəri orta gündəlik hasilat həcminin 131 min barrel olduğunu, eyni zamanda, son üç ayda Mərkəzi Azəri qazma blokunun tamamlanması ilə bərabər Şərqi Azəri yatağında dayaq blokunun dənizin dibinə bərkidildiyini, o cümlədən Səngəçal terminalında Mərkəzi Azəri layihəsi üzrə işlərin 86 faizinin görüldüyünü də nəzərə çatdırmışdır.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinə toxunan Vudvord üç ölkə ərazisində 450 kilometr xəttin çəkildiyini və ümumi işin artıq 50 faizinin görüldüyünü, 360 kilometrlik sualtı neft kəmərinin 170 kilometrinin çəkildiyini, kəmərin tikintisi üçün ayrılacaq kredit məsələsinin Londonda Direktorlar Şurası tərəfindən müzakirə edildiyini və gələn ilin yanvar ayında müvafiq sənədlərin imzalanacağını da bildirmişdir.
Natiq “Şahdəniz” yatağında iki öncəqazma quyusunun başa çatdığını, üçüncü quyuda isə 6200 metr qazma işi görüldüyünü və indiyədək 762 milyon dollar xərcləndiyini də demişdir.
Devid Vudvord il ərzində Azərbaycan hökumətinə mənfəət nefti, tranzit haqları, müxtəlif növ vergilər və bonuslar şəklində ödənişlərdən, həmçinin Azərbaycanda iqtisadiyyatın və sosial sahənin inkişafına yönəldilmiş sərmayədən söz açmış, bu məqsədlər üçün xərclənmiş vəsaitin 1 milyard 108 milyon dollardan artıq olduğunu qeyd etmişdir.
Görüşün sonunda 2004-cü ilin proqnozlarından və digər cari məsələlərdən söz açan bp-Azərbaycan şirkətinin prezidenti növbəti ildə əməliyyatları daha səmərəli aparmağa çalışacaqlarını bir daha vurğulamışdır. Sonra o, jurnalistlərin suallarını cavablandırmışdır.