BSU-DA DƏRS GÜNÜNÜN BİRİNCİ SAATI XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞDUR
Bakı, 26 fevral (AZƏRTAC). Bakı Slavyan Universitetinin fakültələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş silsilə anma tədbirləri keçirilmişdir. Fevralın 26-da dərs gününün birinci saatı faciəyə həsr olunmuşdur.
Universitetin “Heydər Əliyev məktəbi” tələbə teleradio studiyasında mövzu ilə əlaqədar verilişlər hazırlanmışdır.
Ümumuniversitet tədbirinin iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
BSU-nun tədris işləri üzrə prorektoru, professor Asif Hacıyev 18 il əvvəl Xocalıda baş verənlərin bəşər tarixində ən amansız qətliam olduğunu və bu faciənin bütün dünya ictimaiyyətının diqqətinə çatdırılmasının vacibliyini vurğulamışdır. A.Hacıyev bu mübarizədə qalib gələcəyimizə, şəhidlərimizin qanının yerdə qalmayacağına əminliyini vurğulamışdır.
Daha sonra Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin böyük elmi işçisi Sadir Məmmədov Xocalı faciəsinin başvermə səbəblərindən danışmışdır.
Xocalı Şəhər Təhsil Şöbəsinin sabiq müdiri, əməkdar müəllim, şəhərin müdafiəsində fərqləndiyinə görə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuş Murad Şükürov çıxışında o zaman Xocalının əvvəlcə blokadaya alındığını, daha sonra insanların vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırmışdır. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü deyən M.Şükürov bu işdə hər kəsə uğurlar arzulamışdır.
Mərasimdə çıxış edən digər natiqlər də Xocalı soyqırımının ümummilli faciə olduğunu, insanlığa qarşı yönəlmiş bu cinayət haqqında həmişə, hər yerdə söhbət açmağın vacibliyindən danışmışlar.
Sonda faciə qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.