“BUREAU VERİTAS AZƏRİ” MMC SERTİFİKATLAŞDIRMA ORQANININ AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ FƏALİYYƏTİ RAZILAŞDIRILMAMIŞDIR
Bakı, 11 avqust (AZƏRTAC). “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə “Bureau Veritas Azəri” MMC-nin sertifikatlaşdırdığı təşkilatlarda “Keyfiyyəti idarəetmə sistemi”nin (KİS) fəaliyyəti barədə müşahidə aparılmışdır.
Qurumun mətbuat xidmətindən bildirmişlər ki, müşahidələr nəticəsində İSO 9001:2000 standartının tələblərinin kobud surətdə pozulması, yəni “Bureau Veritas Azəri” MMC-nin sertifikatlaşdırdığı təşkilatlarda KİS-in qiymətləndirilməsi zamanı İSO/MEK 17021 standartının 4.4.2 yarımbəndinin tələbinə uyğun aparılmaması və “Bureau Veritas Azəri” MMC-nin sertifikatlaşdırma orqanı kimi fəaliyyət göstərməsi üçün tələb olunan beynəlxalq və milli sertifikatlaşdırma sisteminin tələblərinə uyğun rəhbəredici sənədlərinin olmaması aşkar edilmişdir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 11 avqust 2009-ci il tarixli qərarı ilə “Bureau Veritas Azəri” MMC-nin sertifikatlaşdırma orqanı kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılmasından imtina olunmuşdur və qurumun bu fəaliyyəti qanunsuz hesab edilir.