BVF AZƏRBAYCANDA HƏYATA KEÇİRİLƏN İQTİSADİ İSLAHATLARDAN RAZIDIR
Missiyanın rəhbəri Con Uikman-Linn Bakıya səfərinin məqsədi ilə bağlı AZƏRTAC-ın müxbirinə demişdir ki, təmsil etdiyi təşkilat Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarla yaxından maraqlanır. Bu gün Azərbaycanda reallaşdırılan islahatlar həqiqətən də qənaətbəxşdir. Amma bəzi məsələlər ətrafında fikir mübadiləsi aparmaq lazımdır. Azərbaycan hökuməti neft gəlirlərinin uzunmüddətli idarə olunması ilə bağlı proqram hazırlamışdır və BVF bu strateji proqramı dəstəkləyir. Məlumat üçün deyim ki, bəzi ölkələr neftin qiymətinin artmasından asılı olaraq daxildə əmək haqlarını və qiymətləri də artırır. Dünya bazarında neftin qiyməti düşdükdə isə həmin ölkələr pis vəziyyətdə qalırlar. Bu gün Azərbaycan hökuməti onlardan fərqli siyasət aparır. Yəni büdcə kəsirini neftin hesabına deyil, qeyri-neft bölməsinin hesabına aradan qaldırmağa çalışır. Bu isə onun gələcəkdə pis vəziyyətə düşməyəcəyindən xəbər verir. Hökumətin bu siyasətini yüksək qiymətləndiririk.
BVF-nin təxmini hesablamalarına görə, yaxın onilliklərdə büdcə kəsirinin həcmi ÜDM-in 22 faizini təşkil edə bilər. Biz istəyirik ki, Azərbaycan hökuməti bu məsələdə də ehtiyatlı olsun. Bunun üçün büdcə kəsiri qeyri-neft bölməsinin hesabına formalaşmalı və illik artım bir faizdən çox olmamalıdır.