“Caspian Energy Club” tərəfindən növbəti onlayn “B2G Forumu” keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
Özəl sektorun miqrasiya idarəçiliyində iştirakı miqrasiya ilə dayanıqlı inkişaf arasındakı əlaqəni gücləndirməyə kömək edir. “Caspian Energy Club” üzvləri ilə reallaşdırılan tədbirlər, eləcə də birgə əməkdaşlığımız bütün tərəflər üçün faydalıdır.
“Caspian Energy Club”dan AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov klubun üzvləri ilə keçirilən tədbirdə səsləndirib.
Vüsal Hüseynov bildirib ki, Xidmət fəaliyyətində sahibkarlarla dialoqun inkişafına xüsusi önəm verir. DMX-nin nəzdində yaradılmış Məşvərət Şurasının məqsədi məhz ölkəmizdə fəaliyyət göstərən sahibkarları bir araya gətirərək yarana biləcək çətinlikləri aradan qaldırmaq, miqrasiya sahəsində qanunvericiliyin sahibkarlara təsirini qiymətləndirməkdir.
Xidmət rəisi pandemiya dövründə dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətinin nəzərəçarpacaq dərəcədə artdığını da diqqətə çatdırıb. Pandemiyanın ölkəmizdə olan miqrantlara təsirlərinin minimuma endirilməsi, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz vəziyyətə düşmələrinin qarşısının alınması məqsədilə Xidmət tərəfindən görülən işlərdən bəhs edib. O, həmçinin işgüzar dairələr arasında son illərdə keçirilmiş sorğularda miqrasiyanın idarəedilməsi sahəsində irəliləyişlərin olduğunu qeyd edib.
“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev isə dövlət-biznes dialoqunun yüksək səviyyədə təşkili baxımından bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb, Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlığın qurulduğunu bildirib.
Tədbirdə sahibkarlarla əməkdaşlığın inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparılıb.