“CASPİAN FİSH CO. AZERBAİJAN” ŞİRKƏTİ İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, Xorvatiya Prezidenti Stepan Mesiç ölkəmizə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də “Caspian Fish Co. Azerbaijan” şirkətində olmuşdur.
Burada ayrı-ayrı istehsal sexləri ilə yaxından tanış olan ali qonağa məlumat verildi ki, şirkət müxtəlif çeşiddə yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullar buraxır. Müəssisə 2001-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış və region əhalisinin yüksək keyfiyyətli balıq məhsullarına tələbatını ödəməyə qadirdir.
Şirkətin yüksək ixtisaslı kadrları, müasir avadanlığı var. Burada 750 nəfəri dənizdə olmaqla, minə yaxın işçi çalışır. Gündə 300 tona qədər balıq emal etmək imkanına malik olan bu müəssisənin Xəzər regionunda bənzəri yoxdur. İstehsalat kompleksi balıq və kürü emalı, balıq unu və balıq yağı sexlərindən ibarətdir. Bir neçə növ balıqdan 80 adda məhsul istehsal edən özəl müəssisənin yaradılmasına 56 milyon ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Məhsullar daxili və xarici bazara göndərilir.
Prezident Stepan Mesiç qara kürünün istehsal edildiyi sexlə də tanış oldu. Məlumat verildi ki, burada istehsal olunan kürü bir çox ölkəyə ixrac olunur.
Xorvatiya Prezidenti şirkətdə istehsal olunan məhsulların dadına baxdı.
Müəssisə ilə tanışlıqdan sonra ali qonağa hədiyyə verildi.