MƏDƏNİYYƏT
Cənub bölgəsində bayram əhval-ruhiyyəsi yaşanmaqdadır
Lerik, 26 mart (AZƏRTAC). Cənub bölgəsində Novruzun ab-havası, bayram əhval-ruhiyyəsi yaşanmaqdadır.
AZƏRTAC xəbər verir ki, bayram günlərində Lerik rayonunun istirahət mərkəzləri 500-dən artıq turist qəbul etmişdir.
Ölkə üzrə turizm imkanları yüksək qiymətləndirilən Lerik rayonunda turistlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, istirahət mərkəzlərində müxtəlif əyləncəli proqramların və konsertlərin təşkil edilməsi burada dincələnənlər tərəfindən razılıqla qarşılanır.
Lerikə gələn turistləri ən çox cəlb edən rayonun səfalı yerləri, daglar, meşələr, çaylar və yerli mətbəxdir.
Rayondakı turuzm obyektləri Avropa standartlarına uyğun inşa edildiyindən və burada dincələnlərə göstərilən xidmət mədəniyyəti yüksək olduğundan turistlər bu gözəl məkandan qayıtmağa tələsmirlər. Hazırda rayonun istirahət mərkəzlərində boş yer yoxdur.
Turistlər Lerik Rayon Mədəniyyət evinin rəqs qruplarının və yerli sənətkarların ifalarını, Novruzun atributları olan Bahar qızının, Kosanın və Keçəlin məzhəkəli oyunlarını, qədim adət və ənənləri yüksək qiymətləndirlər.
Bayram günlərində istirahət mərkəzlərində təşkil edilmiş kütləvi mədəni tədbirlərdə turistlər də yaxından iştirak edirlər. Onlar milli paltar geyinmiş qızlar və oğlanlar ilə birlikdə tonqalın ətrafında dövrə vuraraq yallı gedir, bayram sevincini birgə yaşayırlar.