Cənubi Afrika Respublikası Turizm Nazirliyinin nümayəndələri Azərbaycan Turizm İnstitutunda olmuşlar
Bakı, 31 may (AZƏRTAC). Cənubi Afrika Respublikasının (CAR) turizm nazirinin müavini xanım Tokozile Xasanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə institutun rektoru, professor Cəfər Cəfərov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələr barədə məlumat vermişdir.
Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı olan T.Xasa ölkəmizə ilk dəfə səfər etdiyini və bu səfərin onda xoş təəssürat yaratdığını bildirmişdir. CAR-da turizmin inkişafından danışan qonaq 2009-cu ildən bu sahənin ölkəsində ümumi daxili məhsulun 8 faizini təşkil etdiyini, turistlərin, əsasən Afrika qitəsindən, həmçinin Avropa, Çin, Hindistan və Braziliyadan olduqlarını söyləmişdir.
Qonaq diqqətə çatdırmışdır ki, 9 əyalətdən ibarət CAR-da rəsmi 11 dil qeydə alınmış və ölkə əhalisinin ümumi sayı 50 milyona yaxındır. CAR-ın UNESCO-nun Dünya mədəni İrsi siyahısına daxil edilən 7 abidəsi, zəngin tarixi, safari imkanları, milli parkları turistləri daha çox cəlb edir. O, ixtisaslı və keyfiyyətli kadr hazırlığını hədəf seçmiş ATİ ilə ölkəsinin müvafiq ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərdiklərini də bildirmişdir.