“COĞRAFİ OBYEKTLƏRİN ADLARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydası, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblər, Coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydaları haqqında Əsasnəməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. öz səlahiyyətləri daxilində “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müvafiq ərazidə yaşayan əhalinin rəyinin öyrənilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən təmin edilir;
2.3. həmin Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.4. həmin Qanunun 8.1-ci, 8.2-ci və 8.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2008-ci il.