COVID-19-la Mübarizə İşçi Qrupunun hesabat iclası keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
Səhiyyə Nazirliyi tərəfindən ötən il iyunun 30-da əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinə dəstək vermək məqsədilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi haqqında verilmiş tapşırığa əsaslanaraq yaradılmış COVID-19-la Mübarizə İşçi Qrupunun hesabat iclası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İşçi Qrupunun yaradılmasının bir ilinin tamam olması ilə əlaqədar keçirilən iclasda COVID-19-la mübarizə çərçivəsində xidmət göstərən COVID məntəqələrinin, Çağrı mərkəzlərinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardımın hesabatları təqdim edilib.
Bakı Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektorunun müdiri İradə İsmayılova il ərzində görülmüş işlərin hesabatını verib və diqqətə çatdırıb ki, ötən 1 il ərzində 149 min 399 koronavirus xəstəsi evdə nəzarətə götürülüb, Çağrı mərkəzinə 112 min 981 zəng daxil olub.
Hesabata əsasən, ölkə üzrə ümumilikdə 16 min 295 tibb işçisi COVID-19 virusuna yoluxub ki, onlardan 4 min 658-i həkim, 6 min 224-ü orta tibb işçisi, 5 min 408 nəfəri isə digər tibb işçiləridir.
İclas zamanı, həmçinin son bir il ərzində həm COVID-19-la mübarizədə, həm də Vətən müharibəsində xidmət edən tibb işçilərinin fəaliyyətindən danışılıb və ötən ilin səhiyyə sistemi üçün nə dərəcədə məsuliyyətli olduğu qeyd edilib. Hər iki cəbhədə xidmət zamanı dünyasını dəyişən fədakar tibb işçiləri yad edilib.
Sonda İşçi Qrupunda fəaliyyət göstərən Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin işçilərinə təşəkkür edilib.