Danimarka naziri İsveçdəki zorakılıq dalğası haqqında danışıb
Stokholm, 13 avqust, Nərgiz Cəfərli, AZƏRTAC
Danimarkada hazırda həbsdə olan bir neçə isveçlinin iştirakı ilə baş verən son zorakılıq dalğası ilə bağlı sammit keçirilib.
AZƏRTAC xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksen, ədliyyə naziri Peter Hummelqaard, eləcə də ölkənin milli polisinin rəhbəri Torkild Fogdenin iştirak etdiyi görüşdə getdikcə daha tez-tez baş verən atışmalar və partlayışların qarşısını ala biləcək zəruri polis alətləri müzakirə olunub.
Danimarkanın xüsusi cinayətlərə qarşı mübarizə üzrə milli bölməsinin məlumatına görə, isveçli yeniyetmələr onlayn platformalar vasitəsilə Danimarkada ödənişli şəkildə zorakı cinayətlər üzrə tapşırıqlar alıblar. Bu ilin aprelindən bu cür 25 cəhd qeydə alınıb.
Polisin təklif etdiyi alətlərdən biri də üz tanıma sistemi olan videomüşahidə kameralarıdır.
Danimarkanın TV2 telekanalına müsahibəsində P.Hummelqaard “çox, çox qəzəbli” olduğunu və İsveçin baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməsi üçün ona təzyiq göstərəcəyini bildirib.
İsveçin ədliyyə naziri Qunnar Strömmer hesab edir ki, İsveç və Danimarkanı sıx və yaxşı əməkdaşlıq birləşdirir.
“İndi polis idarələrimiz arasında münasibətlər daha da möhkəmlənib. Mən də danimarkalı həmkarım, ədliyyə naziri Peter Hummelqaardla müntəzəm əlaqə saxlayıram”, - deyə Strömmer İsveç mediasına şərhində bildirib.