DAŞKƏNDDƏKİ SƏFİRLİYİMİZDƏ XOCALI FACİƏSİ İLƏ ƏLAQƏDAR ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Daşkənd, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycanın Özbəkistandakı səfirliyində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə diasporumuzun üzvləri, qardaş özbək xalqının nümayəndələri, paytaxtda təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak etmişlər.
Mərasimə gələnlər əvvəl səfirliyin foyesində Xocalı faciəsini əks etdirən foto və kitab sərgisisi ilə tanış olmuşlar. Burada Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı və digər faciələrimizlə bağlı Heydər Əliyev Fondunun müxtəlif dillərdə çap etdirdiyi kitab və broşürlər yer almışdı. “Xocalı faciəsinin dünya kütləvi informasiya vasitələrində əksi” adlı stend də buraya gələnlərin diqqətini cəlb etmişdir.
Salonda keçirilən anma mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dua oxunmuşdur.
Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən danışmış, Xocalı soyqırımı üzərində xüsusi dayanmışdır. O, ulu öndər Heydər Əliyevin Xocalı ilə bağlı bu fikirlərini misal gətirmişdir: “Bu qəddar soyqırımı aktı bəşəriyyət tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil olmuşdur. Bu soyqırımı, eyni zamanda, bütün insanlığa qarşı tarixi cinayət aktıdır”.
Akif Əliyev demişdir: “Xocalıda törədilən vəhşiliklərin başında qaniçən Seyran Ohanyan dururdu ki, hazırda o, Ermənistanın müdafiə naziridir. Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının əsgər və zabitlərinin də əli soydaşlarımızın qanına batmışdır və onlar öz layiqli cəzalarını alacaqlar”.
“Xocalıya ədalət” kampaniyası haqqında səfirliyin əməkdaşı Səbuhi Əhmədov məlumat vermişdir. Onun sözlərinə görə, İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası dünyanın 100-dən artıq ölkəsində gerçəkləşmişdir və bu istiqamətdə iş davam etdirilir.
Tədbirdə Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə əlaqədar beynəlxalq təşkilatlara ünvanlanmış müraciətlər imzalanmış, faciə ilə əlaqədar film və rep üslubunda hazırlanmış “Xocalıya ədalət” klipi nümayiş etdirilmişdir.
Azərbaycan ordusunun polkovnik-leytenantı, Xocalıda, Laçında, Füzulidə döyüş əməliyyatlarında iştirak etmiş keçmiş hərbçi Elmir Şəripov döyüş yolundan söhbət açmışdır. O, ermənilərin qocalara, qadınlara, uşaqlara dəhşətli işgəncələr və zülm verməsinə, təhqir etməsinə heç cür haqq qazandıra bilmədiyini dilə gətirmişdir.
Soydaşlarımızdan Nazlı Pirməmmədova, Almaz Məcidova və başqaları bu faciəni Xatın, Sonqmi faciələri ilə müqayisə etmiş, cinayətkarları və onların havadarlarını lənətləmişlər.
Faciə haqgında məlumatlar toplusu səfirliklərə, beynəlxalq nümayəndəliklərə, KİV-lərə göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd