Daşkəsənlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər
Daşkəsən, 10 may, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsən rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumrayon yığıncağı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi yad edilib.
Sonra Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, may ayının 10-u Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil demokratik Azərbaycanın memarı, dünyaşöhrətli siyasi xadim, dahi rəhbər Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilir. Bütün dünya azərbaycanlıları, ölkə əhalisi, o cümlədən daşkəsənlilər bu əlamətdar gündə Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla və minnətdarlıqla anırlar.
Vurğulanıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Qeyd edilib ki, ölkəsi üçün ağır dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, Azərbaycanı xaos və anarxiyadan qurtarıb.
Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, başlatdığı nəhəng işlərin icrası onun ən layiqli davamçısı və siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi Azərbaycan dünyada dinamik inkişaf edən dövlətlərdən biridir.
Tədbirdə diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Sonra “Ulu Öndər Heydər Əliyev” adlı sənədli film nümayiş etdirilib.