Dəniz səthinin təmizlənməsi üçün ARDNŞ tərəfindən Xəzərə gətirilmiş gəmiyə baxış keçirilmişdir
Bakı, 26 oktyabr (AZƏRTAC). Prezident İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda digər dövlət qurumları ilə yanaşı, Dövlət Neft Şirkətinin də üzərinə mühüm vəzifələr qoyulmuşdur. ARDNŞ-də həmin vəzifələrin icrası istiqamətində mütəmadi olaraq genişmiqyaslı işlər aparılır. 2010-cu ilin “Ekologiya ili” elan olunması bu sahədə həyata keçirilən tədbirlərə xüsusilə güclü təkan vermişdir. Dövlətimizin başçısının ARDNŞ qarşısında qoyduğu əsas məsələlərdən biri də dənizkənarı Milli Park boyunca Bakı buxtasında dənizin səthindən neft qalıqlarının və məişət tullantılarının təmizlənməsidir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində “Bulvar-1” adlı kiçik ölçülü gəmi Bakıya gətirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 26-da “Yaxt Klub”da şirkətin rəhbərliyi gəmiyə baxış keçirmişdir. Bildirilmişdir ki, əsas etibarilə dəniz səthindən neft məhsullarının və məişət tullantılarının yığılması üçün nəzərdə tutulmuş “Bulvar-1” gəmisi ARDNŞ-in sifarişi əsasında Türkiyənin “Beşiktaş Gəmi İnşaat” şirkəti tərəfindən inşa edilmişdir. Uzunluğu 12,4 metr, eni 3,2 metr olan bu gəmi dəniz səthindən neft təbəqəsinin yığılması üçün əlavə olaraq, hər birinin həcmi 4 ton olmaqla iki çən (tank), xüsusi avadanlıq (skimmer), 50 metr uzunluğunda üzən bon çəpər və 10 tonluq üzən çən (tank) ilə təchiz edilmişdir.
Gəminin iş prinsipi ilə tanışlıqdan sonra ARDNŞ-in rəhbərliyi “Bulvar-1” gəmisindən səmərəli istifadə olunacağına əminliyini ifadə etmişdir. Qeyd olunmuşdur ki, gəminin təyinatı üzrə fəaliyyətindən asılı olaraq, gələcəkdə daha iritutumlu oxşar gəmilərin alınması məsələsi nəzərdən keçiriləcəkdir.