Diasporla İş üzrə Dövlət Komitəsinin “Facebook” və “Twitter”də rəsmi səhifələri yaradılmışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasının daha operativ və əhatəli şəkildə həyata keçirilməsi məqsədilə “Facebook” və “Twitter” sosial şəbəkələrində rəsmi səhifələrini yaratmışdır.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, “Facebook” və “Twitter”də rəsmi səhifələrinin yaradılması DİDK-ya sosial şəbəkələrin imkanlarından bəhrələnərək yeni kommunikasiya növlərindən istifadə sayəsində ictimaiyyətin diaspor sahəsi ilə bağlı marağını yüksək səviyyədə təmin etməyə şərait yaradacaqdır.
Hazırda “Facebook” və “Twitter”dəki rəsmi səhifələrdə Komitə, onun məqsəd və vəzifələri haqqında məlumat yerləşdirilmişdir. DİDK-in fəaliyyəti, keçirdiyi tədbirlər və görüşlər, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətinə dair xəbərlər də operativ surətdə Komitənin rəsmi səhifələrində əks olunur.
Eyni zamanda, səhifələrdə Komitənin və ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının keçirdiyi qurultaylar, konfranslar və digər tədbirlərdən çəkilmiş fotoşəkillərdən ibarət albomlar yaradılmış, bir sıra tədbirlərin, çıxışların videoçarxları yerləşdirilmişdir.
Komitənin “Facebook” və “Twitter”dəki rəsmi səhifələrində bütün paylaşmalar ziyarətçilərin şərhləri və müzakirəsi üçün açıqdır.