DİN: Ötən il qeydə alınmış cinayətlərin 89,7 faizinin açılması təmin edilib
Bakı, 23 yanvar, AZƏRTAC
Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 36 min 494 cinayət qeydə alınıb. Onlardan 95,2 faizi daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olub. Cinayətlərin 83,4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 89,7 faizinin açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 85,3, qeyri-aşkar şəraitdə baş verənlərin 85,7, şəxsiyyət əleyhinə olanların 98,2, mülkiyyət əleyhinə olanların 81,8 faizi açılıb.
Prokurorluq orqanları ilə birgə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən keçmiş illərdən bağlı qalmış 368 cinayət üzrə təqsirli şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olunub.