İQTİSADİYYAT
Dörd dövlət standartının layihəsi Standartlaşdırma İnstitutuna təqdim edilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Dörd dövlət standartının layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTAND) təqdim edilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, “Toxum və əkin materiallarının, tütün və tütün məmulatlarının, qeyri-ənənəvi qida məhsullarının və yem bitkiləri”nin standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib.
İclasda AZS 037-2023 “Dənli (qarğıdalı istisna olunmaqla), dənli-paxlalı və yarmalı bitkilərin toxumlarının sort və səpin keyfiyyəti”, AZS 131-2023 “Toxumun keyfiyyəti haqqında sənədlər” və AZS 134-2023 “Toxumların cücərmə qabiliyyətinin təyin edilmə üsulları” dövlət standartlarının layihələri müzakirə edilib. Daha sonra standart layihələrinə rəy və təkliflərin bildirilməsi üçün müvafiq qurumlara göndərilməsi barədə qərar qəbul olunub.
Eyni zamanda, AZS XXX “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartının layihəsi müvafiq qurumlar tərəfindən verilən rəy və təkliflər nəzərə alınmaqla müzakirə olunaraq dövlət standartının layihəsinin qəbulu üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdimatına dair qərar qəbul edilib.